Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Əkin subsidiyasının verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Xidmətin məzmunu :
  • Fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə subsidiyanın verilməsi.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri
  • Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • SMS məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Subsidiyanın verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd : Fermerin subsidiyaya müraciət ərizəsindəki məlumatlar və təqdim edilən sənədlər monitorinq nəticəsində təsdiq edildikdən sonra
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Real vaxt rejimində (elektron müraciətlər üçün)
İşin başlama vaxtı :
İşin sona çatma vaxtı :
Fasilənin başlama vaxtı :
Fasilənin sona çatma vaxtı :
Xidmətin göstərilmə yeri :
  • "Elektron kənd təsərrüfatı" informasiya sistemi (elektron kabinet vasitəsilə), Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM), "ASAN xidmət" mərkəzləri və ya Xaçmaz və Yevlax KOB evlərində.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
bəyannamə
- Elektron formada
Torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd
- Elektron formada
əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri
- Elektron formada
kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri
- Elektron formada
əkin (torpağın) sahəsinin və suvarma suyunun aqrokimyəvi analizlərinə dair arayışlar
- Elektron formada
Aqrar sığorta müqaviləsinin nömrəsi
- Elektron formada
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Addım 1. EKTİS-də qeydiyatdan keçib, fermer statusunun alınması
    Kənd təsərrüfatı məhsulu istehsal etmək istəyən, təsərrüfatı və ya torpağı olan istənilən fiziki və ya hüquqi şəxs EKTİS-də qeydiyyatdan keçib fermer statusu ala bilir. Elektron qaydada birbaşa (www.eagro.az saytı vasitəsilə) və ya xidmət yerinə torpaq sənədi (Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə məlumatların inteqrasiya ilə əldə edilməsi mümkün olmadıqda torpaq sənədinin əsli tələb oluna bilər), şəxsiyyət vəsiqəsi və mobil telefonu ilə gəlməklə 5-10 dəqiqə ərzində EKTİS-də qeydiyyatdan keçirilir. Yerində qeydiyyat zamanı fermer Elektron Hökumət İnformasiya Sistemində (bundan sonra - EHİS) qeydiyyata dair ərizə imzalayır.
    Addım 2. Torpaq sahələrinin qeydiyyatı
    Fermer torpaq sahələrinə dair aşağıdakı məlumatları və ya daxil edilmiş məlumatlarda dəyişiklik baş verirsə, həmin məlumatları EKTİS-ə daxil edir:
    • torpaq sahəsinin yerləşdiyi əraziyə dair məlumatlar (rayon (şəhər), kənd (qəsəbə);
    • torpaq sənədinin rekvizitlərini (kod, JN, reyestr nömrəsi, qeydiyyat nömrəsi və s.);
    • torpaq sənədi dövlət aktı və ya şəhadətnamə olarsa, onda hər bir konturun nömrəsini, onun sahəsi, kateqoriyası və məqsədli təyinatına dair məlumatları;
    • torpaq sahəsinin xüsusiyyətlərini (məqsədli təyinat, bonitirovkası, deqradasiya dərəcəsi) və fermerin istifadə hüququnu təsdiq edən sənədlərin (torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, notarius tərəfindən təsdiq edilmiş alğı-satqı, icarə və subicarə müqavilələri, vərəsəlik şəhadətnaməsi, məcburi köçkünlərə verilmiş torpaq sahələri ilə bağlı sənədlər, islahat keçirilməmiş rayonlarda (cəbhə xəttinə yaxın ərazilər) torpaq sahələrinin şərti bölgüsü, dövlət aktı olmayan pay torpaqlarının verilməsi üçün əsas olan sənədlər, icra nümayəndəsinin təsdiq etdiyi 1 illik icarə müqaviləsi) surətlərini;
    • əkin (torpağın) sahəsinin və suvarma suyunun aqrokimyəvi analizlərinə dair arayışları.
    Fermer tərəfindən müvafiq rayon üzrə EKTİS-ə daxil edilmiş torpaq sahələri və məlumatlar DAİM tərəfindən təsdiq edilir.
    Qeyd 1. Fermerin istifadə hüququnu təsdiq edən sənəd torpağın xüsusiyyətlərini (məqsədli təyinat, bonitirovka, deqradasiya dərəcəsi) ehtiva etdikdə və ya bu məlumatlar inteqrasiya ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin informasiya sistemindən əldə edildikdə əlavə sənəd tələb edilmir, bu məlumatlar həmin sənəddə olmadıqda və inteqrasiyadan gəlmədikdə isə Əmlak Məsələləri Dövlət Xidmətindən alınan müvafiq arayış tələb olunur.
    Qeyd 2. Torpağın aqrokimyəvi analiz nəticələri sonradan monitorinq nəticəsini göstərən aktlarla birlikdə EKTİS-ə daxil edilir. Aqrar Xidmətlər Agenliyi analiz nəticələrinin EKTİS-ə daxil edilmə vəziyyətini yoxlayır və bu barədə AKİA-ya mütəmadi məlumat verir.
    Əkin subsidiyasının verilməsi üçün meyarlar:
    * Əkin subsidiyası (hər il üçün ilk bəyan edilən bitkiyə verilən)– torpağın məqsədli təyinatının əkin, dinc, çoxillik əkmə olması
    * Təkrar əkin subsidiyası (il ərzində birinci əkin məhsul toplandıqdan sonra eyni yerdə ikinci əkilən və EKTİS-də bəyan edilən bitkiyə verilən) – torpağın məqsədli təyinatının əkin, dinc olması və EKTİS-də ilk əkilən bitkinin bəyan edilmiş olması
    * Birdəfəyə məxsus əkin subsidiyası (müraciət edilən il Aqrar Subsidiya Şurasının qərarında müəyyən edilən bitkilər üzrə salınan bağlara) – torpağın məqsədli təyinatının əkin, dinc, çoxillik əkmə olması, əlavə olaraq meşə fondu boş torpağı olması, dəniz səviyyəsindən 200-1500 m hündürlükdə dağlıq və dağətəyi torpaq olması (sadəcə fındıq üçün), torpağın orta şiddətli şorlaşmış, şiddətli şorlaşmış, çox şiddətli şorlaşmış, şoran, orta şiddətli şorəkətləşmiş, şiddətli şorəkətləşmiş olması və ya bonitet balının 40-dan aşağı olması (sadəcə nar və zeytun üçün), dəniz səviyyəsindən azı 400 m hündürlükdə dağlıq və dağətəyi torpaq olması (sadəcə dəmyə üzüm üçün). Bonitet balı 40-dan aşağı olan torpaqların sənədlərində məqsədli təyinatları “əkin”, “dinc”, “çoxillik əkmə”, “digər”, “və s.” yazıla bilər və ya həmin bölmə boş buraxılmış ola bilər.
    * əkilən torpaqların sənəd üzrə və xəritədə çəkilən sahələri əsasında əkin subsidiyası hesablanır. Torpağın (parselin) xəritə-sxemdə çəkilən sahəsi onun sənəd üzrə sahəsindən artıq ola bilməz. Faktiki əkilən torpaq sahəsinin sənəd üzrə sahədən çox olması halında, subsidiya sənəd üzrə sahəyə əsasən hesablanır, fermer artıq sahə üzrə istifadə hüququnun rəsmiləşdirilməsi üçün torpaq sənədlərində müvafiq düzəliş edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilər;
    * məqsədli təyinatı örüş, yay-qış otlaq, biçənək sahəsi olan torpaq sahəsində əkin aparılıbsa, həmin sahəyə görə əkin subsidiyası hesablanmır, həmin halda fermerin ümumi sahəsinin yaşıl yem üçün xəsil əkilmiş 3 faizə qədər olan hissəsi qanuni istifadə edilmiş hesab edilir. Belə ərazilərdə əkin bəyan edən fermerə subsidiya ödənişindən imtina edilməsinə dair sms və ya elektron kabinetinə bildiriş göndərilə bilər. Belə ki, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsində cərimə nəzərdə tutulub;
    * intensiv bağ şərti müəyyən edilən hallarda
    - alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
    - xurma və nar bitkiləri üzrə 1 hektara minumum 450 ədəd tingin əkildiyi bağlar;
    - limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
    - fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
    - badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
    - qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
    - əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar intensiv qəbul edilir.
    * Digər meyvə bağlarına görə əkin subsidiyasının verilməsi üçün 1 hektara əkilmiş tinglərin minimum sayı 90 ədədə bərabər olmalıdır.
    Addım 3. Torpaq sahələrində əkin, məhsul proqnozlarının və toplanan məhsul barədə məlumatın bəyan edilməsi
    Əkin bəyan dövrlərində əvvəlki il əldə edilən məhsul və 4 illik proqnozlar barədə (əkiləcək bitki və əldə ediləcək məhsul barədə planlaşdırılan) EKTİS-ə məlumat daxil edilir. Hər il qeyd edilən tarixlərdə qalan 3 ilin proqnozu dəqiqləşdirilir, sonuncu 4-cü il üçün proqnoz əlavə edilməlidir.
    Addım 4. Torpaq sahələrində faktiki əkinlərin bəyan edilməsi
    Payızlıq əkinlər üzrə sentyabrın 1-dən başlayaraq dekabrın 31-dək, yazlıq əkinlər üzrə fevralın 1-dən başlayaraq iyunun 1-dək, təkrar əkinlər üzrə iyunun 1-dən başlayaraq avqustun 31-dək fermer tərəfindən həmin il faktiki əkilən bitkilər, əldə edilməsi gözlənilən məhsul və əkin hektarı barədə informasiya bilavasitə elektron qaydada və ya xidmət yerinə gəlməklə EKTİS-ə daxil edilir. Yeni əkilən və mövcud çoxillik əkmələr (meyvə bağları və digər çoxillik bitkilər) hər il payızlıq və ya yazlıq əkin bəyan dövrlərində bəyan edilir. Bu bitkilərin mövcudluğunun davam etdiyi və ya yeniləmələr hər il bəyan edilməlidir.
    Fermerin torpaq sahəsində (parselində) əkini üzrə dəqiqləşdirmə əkin bəyanlarının qrafiki vektorlaşdırılması (çəkmə) vasitəsilə aparılır. Fermer ona məxsus torpaq sahəsinin kadastr parseli üzərində əkin növünə uyğun olaraq, faktiki koordinatlara əsasən xəritə-sxemi vektorlaşdıraraq təsdiq edir. Təsdiq olunmuş vektor sahələr peyk monitorinqləri üçün əsas hesab edilir.
    Torpaq sahəsində proqnoz və bəyan edilən bitki müəyyən edilən müddət ərzində subsidiya müraciəti göndərilənə qədər dəyişdirilə bilər. Bəyan edilmiş bitkilərin sahəsi üzrə formalaşan informasiya baxış və müraciət üçün fermerin elektron kabinetində yerləşdirilir. Fermer “müracət et” düyməsini basmaqla subsidiya almaq üçün müraciət edir. Bəyan daxil edildikdən sonra “müraciət et” düyməsinə basan fermerin bəyanında dəyişiklik etmə imkanı ortadan qalxır.
    Addım 5. Subsidiyanın hesablanması
    EKTİS fermer tərəfindən seçilən torpaq sahəsi (parsel), orada əkilmiş bitki və rayona görə subsidiyaya müraciəti avtomatik hazırlayır. AKİA tərəfindən ən gec hər il yanvarın 15-dək subsidiya veriləcək bitkilər üzrə rayonların siyahısı və həmin rayonlar üzrə bitkilərin Aqrar Subsidiya Şurası tərəfindən təsdiqlənən əkin əmsalları EKTİS-ə daxil edilir.
    EKTİS fermerə ödəniləcək əkin subsidiyasının məbləğini aşağıdakı düstura əsasən müddət sonunda bəyan və müraciət edilmiş əkinlər üzrə hesablayır:
    Əkin subsidiyasının hesablanması = 200 manat (Baza məbləği) × Rayon üzrə bitkinin əkin əmsalı × 1,1 (əgər kooperativdirsə) × əkilən sahənin hektarı
    200 manat (baza məbləği) x təkrar əkin əmsalı = əkin subsidiyası (bəyan edilən təkrar əkin üzrə)
    200 manat (baza məbləği) x birdəfəlik əkin əmsalı = əkin subsidiyası (həmin il əkilən yeni çoxillik əkmə üzrə)
    Torpaq sahəsi (parsel) üzrə bir təqvim ilində onun subsidiyaya uyğun sahəsindən artıq sahəyə (Aqrar Subsidiya Şurası tərəfindən qərar verilən təkrar əkinlər istisna olmaqla) subsidiya hesablanmır.
    EKTİS tərəfindən “müraciət et” düyməsinə basmayan fermerlərə subsidiya hesablanmır. Bu barədə fermerə müddət bitiminə yaxın bildiriş göndərilə bilər.
    Addım 6. Fermerlərin müraciətləri üzrə monitorinqlərin aparılması
    Fermer tərəfindən edilən müraciətlər üzrə aşağıdakı qaydada monitorinqlər həyata keçirilir:
    • çarpaz – elektron bəyannamə məlumatlarının sistemdə olan digər məlumatlarla üzləşdirilməsi;
    • yerüstü müşahidə - peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi;
    • yerində müşahidə - seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə DAİM mütəxəssisləri tərəfindən nəzarət və qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi.
    EKTİS-ə daxil edilən məlumatlar sistemdə mövcud digər aidiyyəti məlumatlarla üzləşdirilir. Bu vasitə ilə eyni torpaq sahəsinə birdən çox bəyan, birdən çox istifadəçinin eyni torpaq sənədi ilə bəyan imkanı, torpaq sahəsinin ölçüsündən çox bəyan imkanı, bəyan müddətləri xaricində bəyan imkanı və s. hallar ilə bağlı məhdudlaşdırmalar tətbiq edilir.
    Müraciətlərin müəyyən hissəsi bitkinin becərildiyi dövrü (şum, əkin) əhatə edən peyk xəritələri (ortafoto təsvirləri) əsasında monitorinq edilir, fotointerpretasiya əsasında qiymətləndirilir. Peyk monitorinqi nəticəsində əkinin aparılmadığı şübhəsi olan yerlər yerində müşahidəyə göndərilir.
    EKTİS eyni zamanda əvvəlcədən müəyyən edilən risk meyarları əsasında seçmə apararaq müraciətlərin bir qismini yerində müşahidəyə göndərir.
    DAİM əməkdaşları tərəfindən yerində müşahidə həyata keçirilərək nəticə aktlaşdırılır və
    EKTİS-ə daxil edilir. EKTİS-də əkildiyi bəyan edilən bitki yerində müşahidə edilmirsə və ya yerdə başqa bitki müşahidə edilirsə nəticə 0 qəbul edilir.
    Bəyan edilmiş əkin ilə monitorinq nəticəsində müəyyənləşdirilmiş əkin arasında fərq 5 faizdən çox olmadıqda, bu fərq monitorinq aktında əks olunur və subsidiya məbləği həmin fərq ölçüsündə azaldılır.
    Bəyan edilmiş əkin ilə monitorinq nəticəsində müəyyənləşdirilmiş əkin arasında 20 faizədək fərq olduqda, bu fərq monitorinq aktında əks olunur və monitorinq nəticəsinə uyğun hesablanmış subsidiya məbləği 30 faiz azaldılaraq ödənilir.
    Bəyan edilmiş əkin ilə monitorinq nəticəsində müəyyənləşdirilmiş əkin arasında 20–50 faiz fərq olduqda, bu fərq monitorinq aktında əks olunur və hesablanmış subsidiya sıfırlanır, yəni həmin il üzrə fermerə subsidiya ödənilmir.
    Bəyan edilmiş əkin ilə monitorinq nəticəsində müəyyənləşdirilmiş əkin arasında 50 faizdən çox fərq olduqda, bu fərq monitorinq aktında əks olunur, hesablanmış subsidiya sıfırlanır, cari il və sonrakı il ərzində həmin fermerə monitorinq predmeti olan ərazi üzrə subsidiya hesablanmır.
    Bəyan edilmiş bəzi əkinlər AKİA-ya daxil olan şikayətlər və ya məlumat əsasında fərdi monitorinqə daxil edilir. Belə halda yerində müşahidə qaydaları tətbiq edilir.
    Addım 7. Müraciətlərin təsdiqi
    Monitorinq üçün seçilməmiş müraciətlər avtomatlaşdırılmış qaydada təsdiqlənir və ödəniş üçün AKİA-ya ötürülür.
    Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, yuxarıda qeyd edilən monitorinq aktları EKTİS-də fermerin kabinetində də əks olunaraq fermerə bununla əlaqədar EKTİS vasitəsilə bildiriş göndərilmiş olur. Monitorinq aktı təqdim edildikdən sonra fermer 15 gün müddətində bildirişə/monitorinq nəticəsinə etiraz etmədikdə, ona münasibətdə müvafiq olaraq 6-cı addıma uyğun tələblər tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə AKİA və ya DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir və nəticə aktlaşdırılaraq EKTİS-ə daxil edilir.
    Monitorinq nəticəsi barədə fermerə bildiriş göndərilir, fermer EKTİS-də və ya DAİM-ə gəlib nəticəni təsdiq etdiyi və ya bildiriş göndərildikdən sonra 15 gün müddətində etiraz etmədiyi halda DAİM tərəfindən təsdiq edilmiş monitorinq nəticəsinə uyğun əkin subsidiyası hesablanır və ödəniş üçün AKİA-ya ötürülür. AKİA tərəfindən ödəniş sifarişləri qrup halında qəbul edilir, bank vasitəsilə fermer kartlarına ödəniş həyata keçirilir və fermerə bu barədə sms məlumat verilir.
    Monitorinq nəticəsindən şikayət etmiş fermerlərin müraciətləri araşdırma bitdikdən sonra təsdiq edilir və monitorinq nəticəsinə uyğun əkin subsidiyası hesablanır və ödəniş üçün AKİA-ya ötürülür.
    Addım 8. Subsidiyaların ödənilməsi
    AKİA tərəfindən monitorinq nəticələrinə uyğun və ya monitorinq edilmədən avtomatlaşdırılmış qaydada hesablanan müraciətlər hər ay qrup halında qəbul edilir. Müraciətlər qəbul edildikdən sonra onlar “ödənişə hazırdır” statusuna keçir.
    Əkin subsidiyasına müraciətlər “ödənişə hazırdır” statusuna keçdikdən sonra AKİA tərəfindən müvəkkil banka ödəniş tapşırıqları göndərilərək subsidiyalar fermer kartlarına ödənilir.
    Fermerin elektron kabinetində “Subsidiyalar” bölməsində ona ödənilmiş subsidiyaların məbləği əks olunur və EKTİS-də bu barədə bildiriş fermerə göndərilir.
    Fermerə səhv ödənilmiş subsidiya vəsaiti AKİA-ya geri qaytarılır, bu mümkün olmadıqda növbəti subsidiya vəsaiti artıq ödənilmiş məbləğ qədər azaldılır.
    Fermer tərəfindən EKTİS-ə yanlış məlumat daxil edilərək subsidiya alındığı ödəniş aparıldıqdan sonra müəyyən edilərsə İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi tətbiq edilir. Fermer subsidiya qaydalarını pozmaqla ilk dəfə belə hərəkətə yol veribsə səhv ödənilən vəsait geri qaytarılmaqla fermerə xəbərdarlıq edilir, ikinci dəfə belə hərəkətlərə yol verdikdə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) fiziki şəxslər üzrə 2 misli miqdarında, hüquqi şəxslər üzrə 3 misli miqdarında, belə hərəkətlərə növbəti dəfələrdə yol verdiyi hallarda vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 misli miqdarında cərimə edilir.
    Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.
    Təqvim ili ərzində büdcədən ayrılan, AKİA tərəfindən fermerə ödənilməsi mümkün olmayan məbləğ büdcəyə geri qaytarılır.
    Addım 9. Subsidiyaların xərclənməsi
    Fermerə ödəniləcək subsidiya məbləği onun “fermer kartı”na köçürülür.
    AKİA fevral ayından başlayaraq “ödənişə hazırdır” statusunda olan müraciətlər üzrə subsidiyanın nağd ödənilməli hissəsini fevral-mart aylarından başlayaraq fermerlərin hesablarına köçürür və bu haqda məlumat sms bank vasitəsilə fermerlərə çatdırılır.
    Fermer əkin subsidiyasından istifadə etməklə istehsal vasitələrinin (gübrə, toxum, pestisid) alışını həyata keçirməyə başlayır. Bu vasitələri satan sahibkarlar EKTİS-də təchizatçı adı ilə qeydiyyatdan keçmiş şəxslərdir. Onlar barədə məlumat (ad, yer, satış yeri və s.) EKTİS vasitəsilə fermerə təqdim olunur.
    Fermer subsidiya məbləğinin 25 faizini nağd ödəniş qaydasında təmin etməklə sahə ilə bağlı fəaliyyəti üzrə, 75 faizini isə istehsal vasitələrinin alınması üçün fermer kartı vasitəsilə xərcləyə bilər. 75 faiz hissə nağdlaşdırıla bilmir və başqa məqsədlər üçün istifadəsi qadağandır. Fermerin hesabına köçürülən bu məbləğ kart vasitəsilə təchizatçı subsidiya hesabına satdığı istehsal vasitələrinin dəyərinin ödənilməsi üçün istifadə edilir, belə ki, fermerin kartını xüsusi pay pointlərdən keçirməklə bu istiqamətdə fermerə ayrılan vəsait təchizatçının hesabına daxil olur, alqı-satqı barədə məlumat (satılan-alınan istehsal vasitəsi, miqdarı, satılan fermerin adı və s.) və qəbz təchizatçı tərəfindən EKTİS-ə daxil edilir.
    Fermerin bu Qaydaları pozaraq subsidiyanı təyinatı üzrə istifadə etmədiyi müəyyən edilərsə İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi tətbiq edilir. Fermer subsidiya qaydalarını pozmaqla ilk dəfə belə hərəkətə yol veribsə ödənilən vəsait geri qaytarılmaqla fermerə xəbərdarlıq edilir, ikinci dəfə belə hərəkətlərə yol verdikdə ödənilən vəsait geri qaytarılmaqla fiziki şəxslərə 2 misli, hüquqi şəxslərə 3 misli, belə hərəkətlərə növbəti dəfələrdə yol verdiyi hallarda ödənilən vəsait geri qaytarılmaqla əldə etdiyi məbləğin 4 misli cərimə tətbiq edilir və ona 2 il subsidiya ödənilmir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Ərizəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada DAİM-ə, DAİM-in qərarlarından AKİA-ya şikayət verə bilər. Şikayət kağız üzərində və ya EKTİS vasitəsilə tərtib oluna bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi


Ünvan: place AZ1000,Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küç. 80
Telefon: (+99412) 4986449
Faks: (+99412) 4986449
E-poçt: web@agro.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.agro.gov.az
VÖEN: 1700069791
Ödəmə rekvizitləri: Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.: CTREAZ22
Kənd Təsərrüfatı Nazirliyi
Hesab No.: AZ94CTRE00000000000002188301
VÖEN: 1700069791
Büdcə səviyyəsi: Fond 7
Büdcə təsnifatı: 142340
Ödəniş sənədində ödənişin məqsədi göstərilməlidir.
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin iş qrafiki: bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək; İstirahət günləri: şənbə, bazar.
message